Naxçıvan istiqamətində reyslərə yalnız COVID-19 üçün müayinədən keçən sərnişinlər buraxılacaq

naxcivan-istiqamtind-reyslr-yalniz-covid-19-ucun-muayindn-kecn-srnisinlr-buraxilacaq-13062009

Naxçıvan istiqamətində reyslərə yalnız COVID-19 üçün müayinədən keçən sərnişinlər buraxılacaq

İyunun 18-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayacaq. Həmin tarixdə iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Xbr.az-a bildiriblər ki, maksimum şəffaflığın təmin edilməsi və insanların kassalarda toplaşmasının qarşısının alınması məqsədilə, aviabiletlər yalnız aviaşirkətin rəsmi www.azal.az saytında onlayn rejimdə satılır.

Qeyd edilməlidir ki, sayt vasitəsilə aviabiletlər sərnişinə məxsus olan kredit kartı ilə alınmalıdır və reysə qeydiyyat zamanı yoxlanılacaq. Kredit kartının sahibi sərnişinlər qrupunun tərkibinə daxil olduğu təqdirdə bir kredit kartı ilə bir neçə aviabilet alına bilər. Sərnişinin adına olmayan kredit kartı ilə aviabiletin rəsmiləşdirilməsi üçün isə callcenter@azal.az elektron poçtu ilə aviaşirkətin yardım xidmətinə müraciət olunmalı və bu xidmət vasitəsilə aviabiletin alışı rəsmiləşdirilməlidir.

İyunun 11-də reyslərə (cəmi 6 reys) iyulun 2-dək (2 iyul daxil olmaqla) aviabilet satışına başlanılıb. Yüksək tələbatla əlaqədar bu müddətdə 1200 aviabilet tam satılıb.

İyunun 14-dən etibarən aviaşirkətin saytında iyul ayının sonunadək 8 reys üçün (7, 9, 14, 16, 21, 23, 28 və 30 iyul tarixləri) aviabiletlərin satışına başlanacaq. Müvafiq reysə aviabiletlərin satışı uçuşdan 72 saat əvvəl bağlanacaq.

Qeyd etməliyik ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə - ikinci və dördüncü günlər “Embraer E-190” hava gəmilərində yerinə yetiriləcək. Bakıdan uçuş saat 15:00-da, Naxçıvandan uçuş isə saat 17:10-da nəzərdə tutulub. Daxili reyslərdə sərnişinlərin qeydiyyatı uçuşdan 3 saat əvvəl başlayır.

Reyslərə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçərək neqativ nəticə əldə edən sərnişinlər buraxılacaq.

TƏBİB laboratoriyasında müayinə üçün qeydiyyatdan keçmək məqsədilə, aviabilet aldıqdan sonra sərnişinə https://randevu.its.gov.az/ saytına daxil olaraq aviabiletin nömrəsini qeyd etmək təklif olunacaq. Sistem vasitəsilə avtomatik qaydada müayinə tarixi və Bakı yaxud Naxçıvan ərazisində tövsiyə olunan laboratoriyanın ünvanı təyin ediləcək.

Reysin uçuşundan ən gec 48 saat əvvəl və ən tez 72 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır. Sərnişin müayinədən keçməkdən imtina etdikdə, habelə müayinənin nəticələri müsbət olduqda reysə buraxılmayacaq, aviabilet üçün ödənilmiş məbləğ isə geri qaytarılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən hər reys üçün hava gəmisinin salonunda 100-dən çox yerin satılmasına yol verilmir. Təyyarədə qalan yerlər koronavirus infeksiyası əlamətləri aşkar edilən sərnişinlərin təcrid edilməsi üçün saxlanılır.

Aviabiletin dəyərinə 23 kiloqram çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla, əl yükünün daşınması qadağandır. Hava gəmisinin texniki imkanları yol vermədiyi təqdirdə aviaşirkət sərnişinə əlavə baqaj yeri almaqdan imtina etmək hüququnu özündə saxlayır.

Qeyd etməliyik ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin daha tez-tez yerinə yetirilməsinə ölkədə epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə icazə verilməlidir.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə yerinə yetirilən reyslər zamanı həm uçuş və gəliş hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək. “Azərbaycan Hava Yolları” tərəfindən videotəlimat hazırlanıb.

AZAL sərnişinlərə diqqətli olmağı və Operativ Qərargahın, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələbləri və tövsiyələrinə riayət olunmasına məsuliyyətlə yanaşmağı tövsiyə edir.

Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum dərəcədə təhlükəsiz və rahat keçməsi üçün bütün səylərini səfərbər edəcəklər və sərnişinləri yalnız zəruri ehtiyac yarandığı təqdirdə aviasəyahət etməyə çağırırlar

Hibya Xəbər Agentliyi