Yaponiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

yaponiyada-son-sutkada-koronavirusdan-rekord-sayda-olum-qeyd-alinib-03052011

Yaponiyada son sutkada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Yaponiyada son sutka ərzində koronavirusdan rekord sayda (31 nəfər) ölüm qeydə alınıb.

 

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Ölkə üzrə koronavirusdan ölənlərin ümumi sayı 530 nəfərə çatıb.

Buna qədər ən çox ölüm halının (29 nəfər) aprelin 23-də qeydə alındığı bildirilir. Ölənlərin əksəriyyətinin (15 nəfər) Tokioda olduğu qeyd edilir. Ümumilikdə son sutka ərzində 306 nəfərin koronavirusa yoluxduğu və ölkə üzrə belə xəstələrin sayının 15 min 500 nəfərə çatdığı bildirilir.

Həmçinin indiyədək 4600 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi də göstərilir. Vəziyyəti daha ağır olan 332 nəfər hazırda intensiv terapiya şöbələrində saxlanılır.

Xatırladaq ki, Yaponiyada koronavirus pandemiyasına görə aprelin 17-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi mayın 6-da başa çatacaq və müddətinin daha bir ay uzadılması nəzərdə tutulub.

Hibya Xəbər Agentliyi